1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi müvafiq ərazi yurisdiksiyası çərçivəsində idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında yaranan iqtisadi və hüquqi statusundan asılı olmayaraq, şəxslər arasında yaranan inzibati mübahisələrə dair işlərə baxır.

Hakimlər və onların statusunun eyniliyi

Hakimlər ədalət mühakiməsini həyata keçirmək üçün qanunla müəyyən edilmiş səlahiyyətlərə malik şəxslərdir.

Azərbaycan Respublikasının bütün hakimləri (məhkəmələrin sədrləri, sədr müavinləri, kollegiya sədrləri və hakimləri) işlərə baxarkən eyni statusa, hüquq və vəzifələrə malikdirlər və bir-birindən yalnız təyin olunma qaydasına, səlahiyyətlərinə və səlahiyyət müddətlərinə görə fərqlənirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunda qəbul olunmuş qərarlardan başqa bütün digər kollegial məhkəmə qərarlarına görə onların qəbul olunmasında iştirak etmiş hər bir hakim (qərar qəbul edilərkən xüsusi rəy və ya belə qərarın əleyhinə səs vermiş hakim istisna olmaqla) eyni dərəcədə məsuldur.